Onkoloji Beynəlxalq Elmi Konfrans 14-15 mart 2015-ci il

 

   Martın 14-də  Bakıda  onkologiyanın müasir problemlərinə  həsr olunmuş  Beynəlxalq elmi konfrans  öz  işinə başlayacaqdır. Azərbaycan Milli Onkologiya Mərkəzinin  ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi ilə birgə keçirdiyi  bu konfransda   onkologiyanın aktual problemləri- müasir diaqnostika, süd vəzi xərçənginin müalicəsi və rekonstruktiv cərrahiyyəsi , uşaq onkologiyası, baş-boyun xərçəngi xəstəlikləri, virus hepatitləri olan xəstələrin, həmçinin xəstələrin reanimasiya  şəraitində idarə olunması sahələrinə  müasir  yanaşma məsələləri  müzakirə ediləcəkdir.

     Konfransın keçirilməsində  əsas  məqsəd  bu sahənin  nüfuzlu, aparıcı mərkəzləri arasında beynəlxalq  koordinasiya mexanizminin  işlənib hazırlanması , ayrı-ayrı  sahələr üzrə  dünya şöhrətli  alimlər, tədqiqatçılar və həkimlərlə  əlaqələrin qurulması,  bir-biri ilə sıx bağlı olan elm, tibb və səhiyyə sahələrinin ən son nailiyyətlərinin  elmi müzakirəsini reallaşdırmaq  üçün  imkan yaratmaqdır.

         ABŞ, Almaniya, Avstriya, Türkiyə,  Müstəqil Dövlətlər Birliyi, – bütövlükdə  dünyanın 20-dən çox ölkəsindən  Bakıya  gəlmiş  onlarla nüfuzlu alim, tədqiqatçı, aparıcı mütəxəssis onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində azərbaycanlı həmkarlarının  gördüyü işlər, əldə etdiyi nəticələrlə tanış olacaq, eyni zamanda onlarla öz tədqiqat və təcrübələrinin sirlərini  bölüşəcəklər.  İki gün davam edəcək konfransda onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları,  elm, tibb və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular da  həm plenar iclaslarda, həm  ustad  dərslərində, həm də sərbəst  təmaslar  zamanı müzakirə ediləcəkdir. Onkologiya sahəsində dünyanın  prof. dr. Banu Arun (ABŞ), prof. dr. Tezer Kutluk (Türkiyə), prof. dr. Aksel-Mario Feller (Almaniya), prof. dr. Martin Burian (Avstriya), prof. dr. Əziz Əliyev(Azərbaycan), dr. Cezar Nunez (ABŞ) kimi məşhur mütəxəssislərinin məruzələrinin planlaşdırılması  konfransa marağı daha da artırmışdır.

   Bu konfransa təkcə ölkəmizdə  deyil, bütün dünya səhiyyəsinin onkologiya sektorunda  olan  böyük maraq onun müzakirə  etdiyi məsələlərin aktuallığı, geniş tematikası ilə bitmir.   İlk dəfə olaraq Azərbaycan  Milli Onkologiya Mərkəzi  Beynəlxalq   elmi- praktik  konfransı  dünyanın ən nüfuzlu və  ən mötəbər elmi-tədqiqat  ocaqlarından  biri olan MD Anderson Xərçəng Mərkəzi ilə birgə keçirir. Bu fakt Milli Onkologiya Mərkəzinin ildən-ilə artan nüfuzunun  və pozitiv göstəricilərinin beynəlxalq səviyyədə  təsdiqi  deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Milli Onkologiya Mərkəzinin dinamik inkişafı üçün  daimi  diqqəti və qayğısı nəticəsində  Mərkəzin  ən müasir avadanlıqlarla təchiz edilməsi, zəngin maddi-texniki bazası, böyük elmi, praktiki və kadr potensialı sayəsində  dünyanın ixtisaslaşmış aparıcı elmi-tədqiqat müəssisələrindən birinə çevrilmişdir.

   Milli Onkologiya Mərkəzinin  yeni tərəfdaşı - Hyuston şəhərində  yerləşən Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzi  Amerika  Birləşmiş Ştatlarının  üç tammiqyaslı, ən böyük onkologiya mərkəzindən biridir. O, həm  elmi müəssisə, həm də xərçəng xəstəliklərinin müalicəsi və tədqiqi  üzrə çox böyük  mərkəzdir. Bu Mərkəz ABŞ-ın   iki iri elmi-tədqiqat yönümlü ali tibb məktəbi ilə birləşmiş bir neçə xəstəxana kompleksindən biridir. 2014-cü ildə MD Anderson Xərçəng Mərkəzi “U.S. News & World Report” jurnalında dərc olunmuş “Ən yaxşı xəstəxana” araşdırmasında onkoloji xəstəliklərin müalicəsi üzrə   lider olmuşdur. MD Anderson  Mərkəzi   təkcə   Amerika Birləşmiş Ştatlarının  deyil,  dünyanın ən yaxşı onkoloji xəstəxanalarından biri hesab edilir.

    Konfransın gedişində  Azərbaycan Milli Onkologiya Mərkəzi ilə   ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında  qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanması nəzərdə tutulur. Bu memoranduma görə,   hər iki mərkəz mütəxəssislər, elmi-tədqiqatlar, yeni innovasiyalar, qabaqcıl təcrübə mübadiləsi ilə bağlı  qarşılıqlı öhdəliklər götürür. Azərbaycanlı mütəxəssislər  MD Anderson  Mərkəzində təcrübə keçməyə göndəriləcək, amerikalı onkoloqlar isə Milli Onkologiya Mərkəzində həkimlərlə birlikdə müalicə -profilaktika proseslərində iştirak edəcəklər. Yeri gəlmişkən, artıq qonaqların bir qrupu  Mərkəzdə  yerli mütəxəssislərlə xəstələrin mayinə və müalicə prosedurlarında birgə çalışır, təcrübə mübadiləsi aparırlar.

    Onkologiya üzrə geniş tərkibli Beynəlxalq elmi konfransın Bakıda keçirilməsi, çox nüfuzlu  məşhur alim və həkimlərin   milli mütəxəssislərin işini yüksək qiymətləndirməsi, onların nailiyyətlərinə  çox böyük önəm verməsi,  ABŞ-ın dünya şöhrətli   MD Anderson Xərçəng Mərkəzinin  Milli Onkologiya Mərkəzinin  müasir fəaliyyətini  təqdir edərək  onunla əməkdaşlıq etmək istəyi təkcə Mərkəzin, ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur.   Şübhə yoxdur ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların müxtəlif  ölkələrin mütəxəssisləri arasında mübadiləsi ölkəmizdə tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin daha da  artırılmasına xidmət edəcəkdir.

      Beynəlxalq elmi konfrans öz işinə martın 15-də  yekun vuracaqdır.


 
Baş ofis: Bakı, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 AZ1033
Tel: (+994 12) 566-70-70
E-mail: info@zeferan.az