Cəmil Əliyev: Əsas məqsədimiz onkoloji xəstələrin tam sağalmalarına nail olmaqdı

Bu gün Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında uzunmüddətli əməkdaşlıq barədə müqavilə imzalanıb. Bu müqavilə Azərbaycan Milli Onkologiya Mərkəzinə onkoloji xəstəliklərin profilaktikası və müalicəsində MD Anderson Xərçəng Mərkəzi ilə birgə fəaliyyət göstərməyə imkan yaradacaq. Bundan başqa, müqavilə Milli Onkologiya Mərkəzinin mütəxəssislərinə amerikalı həmkarları ilə birlikdə elmi axtarışlar və kliniki tədqiqatlar həyata keçirməyə imkan verəcək. Yəni, bu müqavilə əsasında azərbaycanlı mütəxəssislər təcrübə mübadiləsi proqramlarında ödənişsiz iştirak edə və Amerikanın məşhur onkoloji mərkəzində təcrübə keçə biləcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev jurnalistlərə müsahibəsində söyləyib.

O deyib: “Bununla yanaşı, uzunmüddətli əməkdaşlıq barədə müqavilə çərçivəsində beynəlxalq elmi konfransların keçirilməsi planlaşdırılır. Bu, iki onkologiya mərkəzi arasında əlaqələndirmə mexanizmlərini hazırlanmasına, ayrı-ayrı sahələrdə azərbaycanlı və amerikalı alimlər, həkimlər arasında əlaqələrin qurulmasına, elm və təbabətin qarşılıqlı əlaqəli sahələrində son nailiyyətlərin müzakirəsinə imkan yaradacaq. Bundan başqa, elmi konfranslar iki ölkənin alimlərinin müxtəlif mövzuları, o cümlədən onkoloji patologiyaların diaqnostikası və müalicəsini, elmin, təbabətin və səhiyyənin aktual problemlərini, onkologiyanın qarşısında duran vəzifələri, habelə onların potensial həlli yollarını müzakirə etmələrinə imkan verəcək. Bütün bunlar bizim əsas məqsədimizə - gələcəkdə onkoloji xəstəliklərin tam sağalmalarına nail olmaq naminə edilir”.


 
Baş ofis: Bakı, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 AZ1033
Tel: (+994 12) 566-70-70
E-mail: info@zeferan.az